Prezident təqaüdçüləri: UNEC-də tələbələrin inkişafı üçün böyük imkanlar var

  • 03 noyabr 2025
  • 21

UNEC-ə bu il qəbul olanlar arasında 4 tələbə Prezident təqaüdünə layiq görülüb.

Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE)  təhsil alan Cabir Ömər (677.8) və Rəyyan Şabanova (666.6) UNEC ilə bağlı təəsüratlarını videoçarxda bölüşüblər.

Rəyyan Şabanova 20 nömrəli məktəbi bitirərək 666.6 bal toplayıb və Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) “Maliyyə” ixtisasına qəbul olub. O, Prezident təqaüdünü təhsil həyatı üçün böyük motivasiya hesab etdiyini bildirib. Rəyyan UNEC-i seçməsinin əsas səbəblərindən danışaraq qeyd edib ki, universitetdə müəllim heyəti yüksək ixtisaslı və beynəlxalq təcrübəyə malikdir. “Onlar yalnız nəzəri bilikləri ötürməklə kifayətlənmirlər, həm də tələbələrin dərsləri daha dərindən mənimsəməsi üçün müxtəlif tədris metodlarından istifadə edirlər. Xüsusilə tətbiqi metodlar və interaktiv dərs yanaşmaları mövzuları daha yaxşı qavramağa kömək edir. UNEC-də birinci kurs tələbələrinə xüsusi diqqət yetirilir, yuxarı kurs tələbələrinin köməyi isə yeni tələbələrin universitet həyatına uyğunlaşmasını asanlaşdırır”, – deyə Rəyyan bildirib.

Cabir Ömər isə 677.8 bal toplayaraq eyni ixtisasa qəbul olub. O, abituriyentlik dövründə proqramlaşdırma olimpiadalarında Respublika üzrə III yerə layiq görülüb, həmçinin 2020-ci ildə “Lütfi Zadə” adına Məktəblilərarası V Məntiq Olimpiadasının final turuna yüksəlib. Cabir UNEC-i seçməsində dərslərin ingilis dilində olması və gənc, savadlı müəllim heyətinin rolu olduğunu vurğulayıb: “Bura daxil olduqdan sonra seçimimin düzgün olduğunu daha aydın gördüm. Qısa müddət ərzində müəllim-tələbə münasibətlərimiz formalaşıb və UNEC-də təhsil almaq mənə həm qürur, həm də sevinc hissləri bəxş edir.”

Tələbələr abituriyentlərə məqsədyönlü olmağı, disiplinli çalışmağı və xarici dil biliklərini artırmağı tövsiyə ediblər.